Kiçik və Orta Biznesin İnkişaf Mərkəzləri

Xəbərlər

KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb

Anlaşma memorandumlarında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə müxtəlif tədbirlər nəzərdə tutulur. 

 

Ankara şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 


Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-in sədr müavini Erdal Eren imzalayıblar. Anlaşma Memorandumu iki ölkə arasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumat mübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzar dairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgə tədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir. 


KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və iş adamlarının iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda da iştirak ediblər. Tədbirdə KOBİA tərəfindən ölkələrimiz arasında kiçik və orta biznes sahəsində əlaqələrin inkişafı istiqamətində görülən tədbirlər və perspektiv imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyənin müvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyət protokolu imzalanıb. Son dövrlər ölkələrimizin regionları arasında da işgüzar münasibətlərin genişlənməsi müşahidə olunur. KOBİA Türkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstək mexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlik vasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstək mexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsas götürülməklə hazırlanıb.


Səfər zamanı həmçinin KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk arasında görüş keçirilib. Görüşdə KOBİA-nın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində dəstəyi barədə məlumat verilib, qarşılıqlı ekspert mübadiləsi imkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcək tədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcək Azərbaycan Halal Biznes və Turizm Forumuna təşkilatın dəstəyi məsələləri müzakirə edilib. Görüş çərçivəsində KOBİA və SESRİC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOB sahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, o cümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsində təlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrası kimi məsələlər nəzərdə tutulur. 

Powered by Froala Editor