Xəbərlər
KOBİA-nın təlim və məsləhət xidmətlərindən cari ildə 9500-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb
2023-cü ilin ötən dövründə KOBİA tərəfindən 648 təlim keçirilib, 1300-ə yaxın məsləhət xidməti göstərilib, 400-dən çox biznes plan hazırlanıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 648 təlim keçirilib. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib. Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlərlə KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/events?slug=telim
Bu dövrdə KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1266 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.
Ümumilikdə, 2023-cü ilin 9 ayı ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 9500-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 424 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.
Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 420 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Bu dövrdə 20 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Powered by Froala Editor